İlkinur Kərəmli

profile-pic
Web

Kompüter şəbəkəsi OSİ Modeli.

18 sentyabr 2020

OSİ modeli digər oxuduğunuz bloqlarımdakı texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün qəbul olunmuş ümumi formasıdır. Heç kəs sizə OSİ modelinə bax, ya da get OSİ modeli al deməyəcək. OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın özünə məxsus proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər və sürücülər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın texnologiyasını istifadə etmək məcburiyyətində qalırdı. Çünki digər firmaların texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi. Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi bir sistemin yaranmasına tələb yaratdı. Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus terminologiyasının olması idi. 1984-cü ildə International Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir. 


Protokollar 

Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar toplusudur. Protokollar kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə olunması üçün tənzimləyici rol oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya aparat arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. Sadə File Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir çox protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi aparılmasını müəyyənləşdirir. Transmit Control Protocol (TCP) göndərən sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləşdiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Məsələn: hub-da beş kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini həll edir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları halında göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən proseslər bütünlükdə 7 əməliyyat layı formasında həyata keçirilir və OSİ modelində cəmlənir.


Ardı bir sonrakı bloqdadır.

Mesaj qoy