İlkinur Kərəmli

profile-pic
Web

Kompüter şəbəkəsi OSİ Modeli Laylar (qatlar).

7 iyul 2020

OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir. Model bu prosesi 7 lay formasında izah edir: 

  • Layer 7 - Application 7. Lay - Tətbiqetmə Application Set(tətbiqetmə komplekti) 
  • Layer 6 - Presentation 6. Lay – Təqdim etmə Layer 
  • 5 - Session 5. Lay - Sessiya Layer 
  • 4 - Transport 4. Lay - Daşıma(Ötürmə) Transport Set(ötürmə komplekti) 
  • Layer 3 - Network 3. Lay – Şəbəkə Layer 
  • 2 - Data Link 2. Lay – Məlumat Bağlantısı Layer 
  • 1 - Physical 1. Lay - Fiziki

Tətbiqetmə layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada ardıcıllıqla təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI modelinin lay adları ilə birlikdə rəqəmlərini də öyrənmək vacibdir. OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə bilər: Application Set və Transport Set. Application Set (tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır. Transport Set (ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə (məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir. 

Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer) 

Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0) formadan elektrik siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə olmalıdır. Əgər qəbul edən +7 volt və 5 millisaniyə tezliyində siqnalı qəbul etmək üçün qurulubdursa o zaman tezlik fərqi yaranacaqdır. Belə halda göndərilən məlumat qarşı tərəfdə anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu növ vacib problemləri həll edir. Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər. 

Lay 2:Məlumat bağlantısı layı (İngiliscə: Data Link Layer) 

Məlumat bağlantısı layı məlumatı Fiziki Laya çatdırmaq və istifadə eləməklə bağlı qaydaları tənzim edir. Məlumat bağlantısı layının böyük bir bölməsi şəbəkə kartı içində həyata keçirilir. Məlumat bağlantısı layı şəbəkə üzərindəki digər kompüterlərin aydınlaşdırması, kabelin o anda kimin tərəfindən istifadə olunduğunun təsbit edilməsi və fiziki laydan gələn məlumatın xətalara qarşı kontrolu vəzifəsini yerinə yetirir. Məlumat bağlantısı layı iki daxili bölməyə ayrılır: 

Logical Link Control (LLC) – Məntiqi Bağlantı Kontrolu 

Media Access Control (MAC)- Media Keçid Kontrolu 

Lay 3: Şəbəkə Layı(İngiliscə: Network Layer) 

Şəbəkə layında fərqli bir şəbəkəyə məlumat göndərilən zaman yönləşdiricilərin(router) istifadə edəcəyi məlumatın (yəni istiqamət bilgilərinin) əlavə olunduğu laydır. Ola bilsin məlumat göndərmək istədiyin kompüter sənin hub-ında yerləşmir və sən göndərilməli olduğun hub-ın adresini verirsən. Elə bil Bakıdan Muxas kəndinə getməlisən, amma bilmirsən hansı rayonun kəndidi. Ona görə adresi Oğuz hub-dakı Muxas adresinə getməli olduğunu bildirməlisən. IP protokolu bu layda fəaliyyət göstərir. İp məlumatlarında Subnetmask ünvanı yuxarıda izah olunan şəbəkələr arası ünvanın təyin olunması üçündür. 

Lay 4: Daşıma(Ötürmə) Layı (İngiliscə: Transport Layer) 

Daşıma layı üst laylardan gələn məlumatı şəbəkə paketi səviyyəsində parçalara bölür. NetBEUI, TCP və SPX kimi protokollar bu layda çalışır. Bu protokollar paketlərin xəta kontrolu kimi məsələlərini yerinə yetirir. Daşıma layı alt laylar Transport Set və üst laylar Application Set arasında keçid vəzifəsini görür. Alt laylar məlumatın nə olduğuna baxmadan qarşı tərəfə yollama işini görən zaman, üst laylar da istifadə olunan təchizat ilə maraqlanmadan məlumatın özü ilə məşğul olurlar. Yəni baxmırlar hansı şəbəkədən gəlib, hansı MAC adres göndərib, sadəcə olaraq məlumatı yoxlayırlar. Əgər məlumat tam deyilsə alt laylar vasitəsi ilə digər kompüterə məlumatın tam gəlmədiyini bildirirlər. 

Lay 5: Sessiya Layı (İngiliscə: Session Layer) 

Sessiya layı bir kompüterin eyni anda birdən çox kompüterlə əlaqədə olduğu zaman, lazım olan doğru kompüterlə danışa bilmə imkanı yaradır. Məsələn, A kompüteri B üzəridəki printerə çap əmri verəndə, C kompüteri B üzərindəki diskdən istifadə edirsə, B həm A ilə olan, həm də C ilə olan əlaqəni eyni anda saxlamaq məcburiyyətindədir. Bu layda çalışan NetBIOS və Sockets kimi protokollar fərqli kompüterlərlə eyni anda olan əlaqələri idarə etmə imkanı verir. 

Lay 6: Təqdim etmə Layı (İngiliscə: Presentation Layer) 

Təqdim etmə layının ən önəmli vəzifəsi yollanan məlumatın qarşı kompüter tərəfindən başa düşülən halda olmasını təmin etməkdir. Beləcə fərqli proqramların bir-birilərinin məlumatını istifadə edə bilməsi mümkün olur. Dos və Windows 9x, mətin tipli məlumatı 8 bit ASCII kimi qəbul edirsə (məsələn, A hərfini 01000001 kimi), NT bazalı əməliyyat sistemləri üçün istifadə olunan 16 bit Unicode (A hərfini 0000000001000001 kimi) qəbul edir. Ancaq istifadəçi təbii ki, sadəcə A hərfi ilə maraqlanır. Təqdim etmə layı bu kimi fərqlilikləri aradan götürür. Son vaxtlarda Təqdim etmə layı şəbəkə ilə bağlı deyil, proqramlarla bağlı hala gəlmişdir. Məsələn, əgər siz iki tərəfdə də “.gif” formatını aça bilən bir şəkil göstərici proqram istifadə edirsinizsə, bir kompüterin digər bir kompüter üzərindəki şəkil faylını açması əsnasında təqdim etmə layına bir iş düşmür. Təqdim etmə lay istifadə etdiyi kompüterdə həmin formatı oxuya bilən proqramlardan birini istifadə edərək şəkili açacaqdır. 

Lay 7: Tətbiq etmə Layı (İngiliscə: Application Layer) 

Tətbiq etmə layı proqramların şəbəkəni istifadə edə bilməsi üçün ləvazimatlar təqdim edir. Microsoft API-ləri tətbiq etmə layında çalışır. Proqram yazan zaman proqramçı API-ləri istifadə edərək, məsələn bir şəbəkə sürücüsünə çatmaq lazım olduğunda API içindəki hazır texnologiyanı götürüb öz proqramında istifadə edir. Alt laylarda gerçəkləşən onlarca fərqli əməliyyatın heç birisi ilə məşğul olmaq məcburiyyətində qalmır. Tətbiq etmə layı üçün yaxşı misal HTTP-dir. HTTP protokoldur, proqram deyildir. Yəni qaydalar toplusudur. Bu topluya görə çalışan IE (İnternet Explorer) Browser eyni protokolu istifadə edən Web təqdim edicisinə çatır və onu istifadəsi ilə birbaşa məşğul olur. Bu lay alt laylardan nisbətən daha az istifadə olunur. Burada birbaşa əlaqəyə yardım edən TCP\İP protokolları vardır.

Mesaj qoy